Dahi bəstəkar Üzeyir Hacıbəyovun məşhur "Arşın mal alan" musiqili komediyası Türkiyənin Samsun şəhərinin Opera və Balet Teatrında tamaşaya qoyulub. Bu barədə Azərbaycan Dövlət Opera və Balet Teatrından məlumat verilib. Xəbərdə bildirilir ki, Opera Teatrının baş rejissoru Hafiz Quliyevin səhnələşdirdiyi operettanın premyerası bu günlərdə baş tutub. Samsun şəhərinin rəsmi şəxslərinin, Ankaradan dəvət olunmuş tanınmış sənətçilərin, media təmsilçilərinin də qatıldığı premyera anşlaqla qarşılanıb. İki gün sonra, dekabrın 21-də isə "Arşın mal alan"ın qala-premyerası olub. Tamaşadan sonra yaradıcı heyətlə görüşən şəhər rəhbərliyi və sənətçilər Azərbaycan mədəniyyətinə böyük önəm və dəyər verdiklərini söyləyiblər. Samsun Opera və Balet Teatrı "Arşın mal alan"ın uzunmüddətli repertuara salınmasını qərara alıb.
Xatırladaq ki, Azərbaycan Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev "Arşın mal alan"ı səhnəyə qoymaq üçün bu il noyabrın 15-dən Samsuna dəvət olunub. Hər gün 7-8 saat məşqi keçirilən tamaşanın ərsəyə gəlməsində azərbaycanlı rejissorla yanaşı, alman dirijoru Markos Baix, rəssam Yusif Tokər, xormeyster Aleksi Vinoqradski, xoreoqraf Zeynəb Bengiər çalışıblar. Tamaşada Əsgər rolunda Onur Polad və Barış Yanc, Gülçöhrə rolunda Eda Bingöl və Arsen Ərsoy çıxış ediblər. Tamaşada bütün rolları yerli sənətçilər ifa ediblər. Qeyd edək ki, 2002-ci ildə Hafiz Quliyev "Arşın mal alan"ı Ankara Opera və Balet Teatrında da səhnələşdirmişdi.
Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Dillər Universitetində alman dili fakültəsinin tələbələrinin ifasında Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsəri nümayiş etdirilib. ADU mətbuat əlaqələndiricisinin açıqlamasına görə, tamaşa ilk dəfə olaraq alman dilində səhnəyə qoyulub. Xəbərdə bildirilir ki, səhnə əsəri universitetin alman dilinin fonetikası, qrammatikası və tarixi kafedrasının müdiri dosent Məlahət Məhərrəmovanın təşkilatçılığı ilə səhnələşdirilib.
Tamaşanın rejissoru müstəqil rejissor Orxan Mərdandır. Öyrəndik ki, tamaşada Soltan bəy rolunu həmin kafedranın müəllimi İlham Heybətov oynayıb.